Aİ Ermənistan-Azərbaycan Sülhünü dəstəkləyə bilərmi?
Brüssel texniki yardım və vasitəçilik göstərməkdə maraqlı olsa da, onun rolu ancaq buraya qədər gedə bilir.
Aİ Ermənistan-Azərbaycan Sülhünü dəstəkləyə bilərmi?
Brüssel texniki yardım və vasitəçilik göstərməkdə maraqlı olsa da, onun rolu ancaq buraya qədər gedə bilir.
Dekabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Brüssel görüşündə dəmiryol xətlərinin bərpası, məhbusların geri qaytarılması və minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi kimi razılıqlar əldə olunub. Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən təşkil edilən sammitdə həmçinin Avropa İttifaqının iki ölkə arasında sülhü dəstəkləməkdə maraqlı olduğu vurğulanıb.
Bununla belə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar IWPR-ə bildirib ki, Brüssel dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini dəstəkləməkdə maraqlı olsa da, “son nəticədə bu, Bakı və İrəvandakı siyasi iradəyə əsaslanır.”
IWPR: Brüsseldə keçirilən üçtərəfli görüş Aİ-nin bu regionda vasitəçilik rolunun öz üzərinə götürməsi üçün nadir fürsət idi. Brüssel öz səylərini nəcə göstərməlidir?
Klaar: Bu, Brüsseldə ilk belə görüş idi, lakin prezident Mişel şəxsən yayın əvvəlindən hər iki liderlə kifayət qədər əlaqədə olub... üç lider dörd saat yarım vaxt keçiriblər. Prezident Mişel də baş nazir Paşinyanla prezident Əliyev arasında ikitərəfli görüşə imkan yaradıb ki, bu da alqışa layiqdir.
Konkret nəticələr nələrdir?
Prezident Mişelin hər iki tərəflə əvvəlki əlaqələri [nəticədə] müdafiə nazirləri arasında hər iki tərəfin istifadə etdiyi qaynar xəttin yaradılması ilə nəticələnib. Biz hərbi əsirlərin [və] məhbusların azad edilməsini və minalanmış sahələrin xəritələrinin təhvil verilməsini həyata keçirmişik. Məlumdur ki, bu davamlı bir prosesdir. Rusiya rəsmiləri ilə əlaqələr qurulub, prezident Putin də daxil olmaqla hər iki ölkənin rəhbərliyi ilə, eləcə də, amerikalı həmkarlarımızla və tez-tez Fransa tərəfindən təşəbbüs olunan əlaqələr olub. Bütün bunlar bu və ya digər şəkildə sülh prosesinə töhfə verir.
Sərhədin delimitasiyası məsələsi ilə bağlı Aİ-nin növbəti məqsədi nədir?
Biz sərhədlərin delimitasiyası prosesinə necə dəstək ola biləcəyimizi araşdırırıq. Biz texniki olaraq “necə etməli”, məsləhət yolu ilə və əlbəttə ki, cəlb olunmuş tərəflərin bizim müdaxiləmizi istədikləri dərəcədə ikitərəfli sərhəddə gərginliyin azaldılması prosesində iştirak etməyə hazırıq. Aİ-nin harada aktiv olmasını istədiklərini söyləmək son nəticədə iki tərəfdən də asılı olacaq və prezident Mişel məsləhətçi qrup şəklində texniki yardım təklif edir.
Məsləhətçi qrup İrəvan və ya Bakının istədiyi bir şey idimi?
Nəticə etibarı ilə bu tip proseslərdə işə başlamaq üçün tələb olunur ki, hər iki tərəf əsas istiqamət üzrə razılığa gəlsin. Mən hələ tam olaraq orada olduğumuzdan əmin deyiləm. Biz ardıcıl olaraq Aİ-nin daha çox cəlb olunmasına dair istək olduğunu eşitmişik. Aİ həqiqətən dinc, firavan Cənubi Qafqazın yaranmasına dəstək verməkdə maraqlıdır. Biz həqiqətən xoşməramlı tərəfik, mesajımız da bu idi. Hesab edirəm ki, bu, Bakıda və İrəvanda da belə tanınır.
Həm Aİ prezidenti Mişel, həm də Fransa prezidenti Makron tərəfindən prezident Putinə zənglər barədə məlumatlar var. Bu koordinasiyalı səy idimi?
Prezident Mişel və prezident Putin arasında çoxsaylı telefon danışıqları olub. Biz hər iki ölkə rəhbərliyinin Aİ-nin cəlb edilməsi arzusunu izləmək istəyirik və əmin olmaq istəyirik ki, əlaqə mümkün qədər məhsuldar və nəticəyönümlü olsun. Təsirli şəkildə iştirak edən başqaları ilə müntəzəm əlaqələrin olması böyük məna kəsb edir. Amma hesab edirəm ki, Aİ ilə Rusiya arasında hər hansı bir cəmlənmiş səy, vəzifə bölgüsü və ya buna bənzər hər hansı bir şey olduğunu söyləmək artıq olardı. Nəticədə biz məsələni böyük ölçüdə eyni istiqamətə çəkirik. Heç bir ziddiyyət yoxdur, amma gündəlik koordinasiya da yoxdur. Bu, bəlkə də bir qədər çoxdur.
Bu, qərb liderlərinin ümidsizcəsinə istədikləri “Rusiya ilə dialoq” məsələsi ola bilərmi?
Düşünürəm ki, bu, Rusiyanın bunu necə görməsindən çox asılıdır. Düşünürük ki, hər kəsin faydalanmasına imkan verəcək bir qalib-qalib ssenarisi var... Bizim tərəfimizdən bu, əlbəttə ki, baş verdiyini görə biləcəyimiz bir şeydir. Biz tərəfdaşlarımıza daha yaxşı vəziyyətə gəlməkdə kömək etməkdə həqiqətən maraqlıyıq.
Əsir və məhbus terminləri bir-birini əvəz edir, lakin prezident Əliyev deyir ki, hazırda həbsdə olan şəxslər “müharibə əsiri sayıla bilməz”. Onlar buraxılanda siz təyyarədə idiniz. Aİ-nin rəsmi şərhi nədir?
Semantikaya dərindən girmək əvəzinə... biz dəfələrlə demişik ki, onların hamısı buraxılmalıdır. Brüssel görüşlərindən sonra azərbaycanlı və erməni məhbusların əlavə olaraq qaytarılmalar olub ki, biz bunu şiddətlə alqışlayırıq.
Həm prezident Əliyev, həm də baş nazir Paşinyan “biz sülh istəyirik və bəsdir müharibə etdik” deyir. Siz hər ikisi ilə danışmısınız, onların sülhü anlayışları nədir?
Bu məsələdə çox uzun və acı bir tarixlə qarşılaşırıq. İstər ermənilər, istərsə də azərbaycanlılar elə məqamları göstərə bilərlər ki, onlara qarşı pis rəftar edildiyi, insanlarının öldürüldüyü, öz yurd-yuvasından didərgin salınıblar. [Bunu] diqqətə alanda hər iki tərəfin məsələyə fərqli prizmadan yanaşması olduqca təbiidir. Bəzi ümumi anlaşmaya gəlmək üçün vaxt lazımdır. Bu qədər illər ərzində çox qan tökülüb... Amma məncə, önəmli olan, səhifəni çevirmək və müsbət istiqamətdə irəliləmək istəyinin olmasıdır. Əgər hər iki ölkənin rəhbərliyi öz öhdəliyinə sadiq qalarsa, bu yeganə irəliləyiş yoludur, tərəflərin - “bəli, biz zülm çəkmişik, amma sizin də əziyyət çəkdiyinizi başa düşürük…” mövqeyinə nail olmaq olar. Rəhbərlərin öz xalqına istiqamət vermələrində çox mühüm rolları var.
Sülh müqaviləsi yoxdur, sadəcə atəşkəs var. Prezident Əliyev El Pais-ə deyib ki, “Avropalı tərəfdaşların Ermənistanı yola gətirə biləcəyinə” ümid edir.
Hesab edirik ki, bütün həll edilməmiş məsələləri həll edəcək hərtərəfli saziş lazımdır və bu, tərəflər üçün dəstəkləmək istədiyimiz bir şeydir. Hələ də Minsk Qrupu və onun həmsədrləri var, ona görə də müxtəlif yollar, müxtəlif imkanlar var.
Aİ bunu reallaşdıra bilərmi? Brüsselin onu öz üzərinə götürmək üçün nüfuzu, dayaq nöqtəsi, hətta marağı varmı?
İcazə verin sualı çevirim. Son nəticədə istənilən saziş Ermənistan və Azərbaycan liderləri arasında imzalanır. Ona görə də biz Avropa İttifaqı olaraq dəstək verə bilərik. Ancaq son nəticədə irəliləmək istəyi, güzəştə getmək onların öz ixtiyarındadır. 44 günlük müharibənin nəticəsinin nə olmasından asılı olmayaraq istənilən hərtərəfli nizamlanma üçün kompromisə gedilməli olunacaq. Davamlı sülhə nail olmaq üçün ədalətli, adil nizamlanma olmalıdır. Nəticədə bu, Bakı və İrəvandakı siyasi iradəyə dayanır.
Zəngəzur dəhlizinin hüquqi statusuna gəlincə, prezident Əliyev qarşılıq tələb edib. Ermənistan və Azərbaycanda çoxları prezident Mişelin görüşdən sonra verdiyi bəyanatla bu fikirlə razı olduğu kimi şərh edib. Bu doğurdan da belədir?
Hesab edirəm ki, bəyanatın mətni daha çox dəmir yollarına aiddir. Tranzit məsələsi ətraflı müzakirə olunub və qarşılıqlı yanaşmanın olması tamamilə təbiidir. Hüquqi statusa gəlincə, Aİ nəyəsə etiket qoymaqdansa, fiziki əlaqəni təmin etməyə daha çox diqqət yetirir. Biz eşitmişik ki, hər iki ölkənin bu dəmir yolu xəttinin yaxın gələcəkdə çəkilməsinə sərmayə qoymaq kimi planları var. Hesab edirəm ki, bu, çox yaxşı inkişafdır.
This publication was prepared under the "Amplify, Verify, Engage (AVE) Project" implemented with the financial support of the Ministry of Foreign Affairs, Norway.