Arbeit macht frei – əmək azad edir
Arbeit macht frei – əmək azad edir
Oktyabr ayının 27-də həbsimin 16 ayı tamam oldu. Məhkum olunduğum müddətin 1/3hissəsi arxada qaldı. Artıq ertəsi gün Qaradağ rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci və Cəzaların İcrası Məcəlləsinin 170-ci maddələrinə uyğun olaraq, cəzanın çəkilməmiş hissəsini başqa cəza ilə CM-nin 42-ci maddəsində nəzərdə tutulan islah işləri əvəz olunmasını istədim. Əslində istədiyimin həyata keçirilməsi üçün heç bir ciddi maneə yox idi. Həbsdə keçirdiyim müddət ərzində tərəfimdən heç bir qayda pozuntusuna yol verilməmişdi və heç bir inzibati tənbehə məruz qalmamışdım. Lakin aydın idi ki, bunlar hamısı təfərrüatdır, yuxarıdan hansı göstəriş verəcəkdilərsə, o da həyata keçəcəkdi. Onu da deyim ki, mənimlə eyni cəzaçəkmə müəssəsində cəza çəkən digər siyasi məhbus Qurban Məmmədov da eyni vaxtda və eyni tələblə eyni instansiyaya müraciət etmişdi.
Noyabrın 7-də səhər yoxlaması zamanı CÇM-nin tərbiyəvi işlər üzrə rəis müavini Natiq Hacıyev ikimizə də xəbər verdi ki, saat 15:00-da məhkəməmiz olacaq. Xəbər bir qədər gözlənilməz idi. Çünki analoji məhkəmələr adətən 30-40 dustaq üçün bir gündə keçirilir. Görünür, CÇM-nin rəhbərliyi və Qaradağ məhkəməsi bizimlə eyni gündə həqiqətən cinayət törətmiş məhbusların da işinə baxaraq, onları azad etməkdən, bizi isə məhbəsdə saxlamaqdan diskomfort hiss etmişdi. Bu da həya hissindən xəbər verir ki, özlüyündə müsbət haldır.
Saat 15-ə bir neçə dəqiqə qalmış səsgücləndirici vasitəsilə bizləri növbətçi hissəyə çağırdılar. Müəssisədə belə məhkəmələr üçün xüsusi zal olmadığından proses elə rəis müavini Natiq Hacıyevin kiçik kabinetində keçirildi. Prokuror Fərahim Hüseynli və dövlət tərəfindən ayrılmış vəkil Şükür Şıxıyevin, eləcə də 14 saylı CÇM-nin nümayəndəsi Natiq Hacıyevin iştirakı ilə keçirilən məhkəməyə hakim Rəşad Məmmədov sədrlik edirdi. Proses açıq elan ediləndən sonra söz mənə verildi və mən də tələbimi əsaslandıran qısa çıxış etdim. Bundan sonra söz Natiq müəllimə verildi. Rəis müavini həbsim ərzində daxili rejim qaydalarını pozmadığımı təsdiqləyəndən sonra məni xasiyyətcə qapalı və əsəbi kimi xarakterizə etdi. Daha sonra “məhkum Yadigar Sadıqovun təhsilə münasibəti müsbət olsa da, müntəzəm olaraq müəssisənin kitabxanasında mütaliə ilə məşğul olmasına baxmayaraq, onun əməyə münasibəti qənaətbəxş deyil. Müəssisə ərazisinin abadlaşdırılması və məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması işlərində iştirak etməyə həvəs göstərmir. Törətdiyi cinayət əməlini etiraf etmir və peşmançılıq hissi keçirmir, barəsində məhkəmələr tərəfindən çıxarılmış hökm və qərarlarla razılaşmır və əsassız həbs olunduğunu iddia edir” - söylədi.
Bu çıxışdan sonra aydın idi ki, böyük yerdən gələn əmrin mahiyyəti nədən ibarətdir və məhkəmə hansı hökmü çıxaracaq. Bununla belə, xasiyyətnamədəki arqumentləri puç etmək yönündə çıxış etdim. Fikirləşdim ki, rejim məni sosial şəbəkələrdə debat aparmaqdan məhrum edib, heç olmasa, burada qurdumu öldürüm. 20 gün ərzində yazdığım və 1 saat dediyim “son söz” Lənkəran məhkəməsinin hakimi Elçin Kazımova təsir etməmişdisə, bu ekspromt çıxışımın Rəşad Məmmədova təsirsiz ötüşəcəyi şübhəsiz idi. Lakin, necə deyərlər, söhbətdir də, edirdik.
Məni az-çox tanıyanlar üçün ən gözlənilməz arqument, yəqin ki, xaraktercə qapalı və əsəbi olmağım haqqındadır. Lakin bu analoji hallar üçün, yəni istəyi rədd ediləcək məhbuslar üçün “növbətçi” arqumentlərdəndir. Bu yenə şükürlüdür, Qurban bəyə “eqoist” damğası yapışdırmışdılar. Ümid edək ki, həbsimin sonuna qədər CÇM-nin rəhbərliyi bu mənfi, Moşu demişkən, cəmiyyətimizə xarakterik olmayan xüsusiyyətləri bizlərdə islah edəcəklər. Keçək digər arqumentlərə.
Əməyə mənfi münasibət iddiası cəfəngiyyatdır. Bu şərtin CM-də və CİM-də peyda olmasının 2 əsası var ki, ikisi də sovet dövrünə aiddir. Biri kollektivçilik, ictimai maraqların fərdin azadlıqlarından üstün tutulması ilə bağlı idi. Yəni, cinayət törədib cəmiyyətə ziyan vurmusan, indi də faydalı işlərlə məşğul ol, məhsul istehsal et. Digər səbəb isə o idi ki, cinayətkar aləmin qanunları ilə yaşayan şəxslər əmək fəaliyyətindən imtina edir, yalnız cinayət yolu ilə qazananlar hesabına yaşayırdılar. Muzdlu işlə məşğul olmuş şəxs cinayətkar ierarxiyasında yüksələ, “qanuni oğru” adını ala bilməzdi. Müvafiq olaraq, əmək fəaliyyətinə başlayan şəxs isə artıq professional cinayətkarlıqdan imtina etmiş, islah yolunda olan sayılırdı. Sovet ideologiyasına görə, əmək hətta meymunu insana çevirmişdi, cinayətkarı islah etməzdimi?
İndi o zamanlardan çox keçib, çox şeylər dəyişib. Əvvəllər hər islah-əmək düşərgəsinin yanında “promzona” sənaye müəssisələrinin yerləşdiyi ərazi olardı. Bugün onlar ləğv edilib, üstəlik, dustaqların saxlandığı yer də cəzaçəkmə müəssisəsi adlanır. Yəni məhkumları əmək yolu ilə islah etmək təcrübəsindən imtina edilib.
Bununla belə, indi də CÇM-lərində əmək fəaliyyəti ilə məşğul olanlar var. Bunlar əsasən ərazinin yaşayış yerlərinin təmizlənməsi ilə məşğul olanlar, anbarlara nəzarət edənlər, bərbər, dərzi, pinəçi, hamamçı və sairələrdir ki, hər ay hesablarına 100 manat pul köşürülür. Maaş almadığım halda məndən ərazinin abadlaşdırılmasında iştiirak etməyi tələb etmək absurddur. Hələ onu demirəm ki, elə ölkəni abadlaşdırmaq istəyimə görə həbs olundum.
Ümumiyyətlə, əmək fəaliyyətinə 17 yaşında başlayan, uzun müddət pedoqoji fəaliyyətlə məşğul olan birisinə “əməyə münasibəti qənaətbəxş deyil” xarakteristikası sərsəmlikdən başqa şey deyil. Ən maraqlı təzad isə ondan ibarətdir ki, azadlıqda məni işləməyə qoymayan, sevdiyim peşəmdən ayıran rejim indi də işləməmək bəhanəsi ilə həbsdə saxlayır.
P.S. Məhkəmədən sonra yadıma tarixi bir fakt düşdü. Nasist konslagerlərindən birinin, yanılmıramsa, Auşvits düşərgəsinin qapısında almanca “Əmək azad edir” sözləri yazılmışdı. İnternetdə şəklini də görmüşdüm. Deyəsən, tarixi eksponat kimi saxlanılır. Eyni ifadəni bizim cəzaçəkmə müəssisələrinin də darvazasına yazsaydılar, öncədən işimizi bilərdik.
Yadigar Sadıqov